Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibəti ilə tədbir təşkil edib

15.12.2025

15.12.2025- ci il tarixdə Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibəti ilə Tarix-Diyarşünaslıq Muzeyində  “Bütün zamanların şairi  ” adlı tədbir keçirib. Kitabxananın əməkdaşı Nərgiz Rzayeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, 8 may 2025 – ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60 – cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.
     Kitabxananın əməkdaşı Nailə Budaqova tədbirdə çıxış edərək  bildirib ki, Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) 1935 – ci il avqust ayının 25 – də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959 – 1964 – cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Fikrət Qoca “Uşaqlığın son gecəsi” (1968), “Qayınana” (1978), “Romeo mənim qonşumdur” (1963) və “Qonşu qonşu olsa...” (1989) filmlərinin mahnı mətnlərinin müəllifidir. 
  Tədbirdə  məktəblilər Xalq şairi Fikrət Qocanın şeirlərini səsləndirib, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx izlənilib.Həmçinin Fikrət Qocanın  kitablarından ibarət   “Bütün zamanların şairi  ” adlı sərgi tərtib olunub.