26.03.2026
26 mart 2026-cı il tarixində M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində görkəmli söz adamı, qazaxlı şair Davud Məcid oğlu Nəsibovun anım günü münasibətilə “Sözün işığında yaşayan ömür” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Məhruzə Hüseynova açaraq Davud Nəsibovun həyat və yaradıcılığından bəhs etdi. O, çıxışında qeyd etdi ki, Davud Məcid oğlu Nəsibov 25 avqust 1942-ci ildə Qazax rayonunda anadan olub, 26 mart 2003-cü ildə Bakı şəhərində vəfat edib. Direktor vurğuladı ki, o, Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyub, sözə və sənətə böyük dəyər verib, Qazax ədəbi mühitinin yetirdiyi dəyərli ziyalılardan biri olub.
Daha sonra muzeyin əməkdaşı Şamama Qocayeva çıxış edərək Davud Nəsibovun poeziyasının dərin məna yükündən, onun insan duyğularını incə şəkildə ifadə etmək bacarığından danışdı. O bildirdi ki, şairin əsərləri aktuallığını qoruyur və oxucular tərəfindən böyük maraqla qarşılanır.
Tədbirdə Arzu Həsənova da çıxış edərək müəllifin xatirəsinə həsr etdiyi şeirini səsləndirdi. Onun ifasında səslənən şeir iştirakçılar tərəfindən böyük diqqət və duyğusallıqla qarşılandı.
Sonda tədbir iştirakçıları Davud Nəsibovun xatirəsini ehtiramla yad edərək onun yaradıcılığının gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha vurğuladılar.