17.03.2026
Novruz bayramı Ağstafada möhtəşəm bayram təntənəsi ilə qeyd olunub
Martın 17-də Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət ənənələrimizi ehtiva edən Bahar qızı, Keçəl və Kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara, dama, güləş, qol güləşi, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışlarına tamaşa olunub.
Milli birlik və suverenliyimizin əsas atributlarından olan Dövlət Himnimizin sədalarından sonra, ağstafalılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrini qürurla anıblar.
Ümumrayon tədbirini bayram səhnəsindən açıq elan edən RİH başçısı hər kəsi təbrik edərək bildirib ki, Novruz bayramı insanların bir-birinə qayğı və hörmətlə yanaşmasını təşviq edir, gəlişi ilə evlərə, ailələrə şadlıq və sevinc gətirir. Artıq neçə ildir ki, qalib xalqımız bu bayramı yüksək əhval-ruhiyyə, ürək sevinci və qəlb fərəhi ilə qarşılayır. Bu gün bayram tonqallarımız suveren Azərbaycanımızın hər nöqtəsində, o cümlədən doğma Qarabağmızda da şölə saçır. Azad olunmuş torpaqlarımıza, əzəli baba yurdlarına qayıdan əhalimiz doğma evlərində bayramlarını qürur hissi ilə qeyd edirlər. Hər kəsə məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın firəvanlığı, ölkəmizin tərəqqisi naminə müyyənləşdirdiyi siyasətin üst pillələrində, insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə ölkəmizin hər bölgəsinin abadlaşdırılması, müasir sosial və digər infrastrukturların sistemli şəkildə tətbiqi, eyni zamanda, tarixi və memarlıq abidələrinin qorunması yer alır. Bütün sahələrdə Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xalqımızın tarixini, mədəniyyətini, həyat tərzini, milli-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından yüksək əhəmiyyət kəsb edir.
Ümumrayon tədbiri Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının Novruza həsr etdikləri geniş bayram konserti ilə davam etdirilib.